FAYDALI MƏLUMATLAR

Arpa toxumu

Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir.

Arpanın 30 növü məlumdur. Azərbaycanda arpanın Pallidium –596, Qarabağ-7, Naxçıvandəni-310, Siklon sortları becərilir.

Toxumun səpinə hazırlanması

Toxum materialı toxumluq sahələrdən yığılır və təmizləyici, çeşidləyici maşınlardan keçirildikdən sonra quru ambarlarda saxlanılır. Buğda toxumu kimi xəstəlik və zərərvericilərə qarşı dərmanlanır. Bir ton toxuma 2 kq 19,5%-li baytan, 2-3 kq 75%-li vitovaks işlədilir. Toxumların səpin keyfiyyəti nəzarət laboratoriyalarında yoxlanılıb kondisiya dərəcəsinə çatdırıldıqdan sonra səpinə başlanılır.

Səpin müddəti, üsulu və normaları

Respublikamızın aran rayonlarında payızlıq arpanın optimal səpin müddəti oktyabrın 15-dən noyabrın 15-nə qədərdir. Tez səpildikdə bitkilər yarovizasiya mərhələsini başa vuraraq işıq mərhələsinə keçirlər və gövdə əmələ gətirirlər. Belə halda bitkilər qışa davamsız olurlar. Eyni zamanda bitkilər İsveç və Hessen milçəklərindən çox zərər çəkirlər. Dağətəyi rayonlarda səpini nisbətən tez keçirmək olar. Arpa bitkisinin səpini üçün adi, darcərgəli və çarpaz səpinlər aparılır. Ən səmərəlisi darcərgəli səpin üsuludur. Toxum 4-6 sm dərinliyə basdırılır.

Əkinlərə qulluq

Qulluq işləri buğdada olduğu kimidir. Yemləmə gübrəsi verilir. Erkən yazda köndələn malalanır. Alaqlara qarşı mübarizə aparılır. Yaz yemləmə gübrəsi verilir. Boruyaçıxmanın əvvəlində 2-ci yemləmə aparılır. Aran bölgələrdə 2-3 dəfə suvarma aparılır. Suvarmanın müddəti, norma və üsulları payızlıq buğdada olduğu kimidir. Hektara 1kq 2,4-D herbisidi çilənir.

Məhsulun yığılması

Arpanın məhsulu buğdadan tez yetişir. Mum yetişmə fazasının sonunda məhsulu bir başa kombaynla yığırlar. Hissə-hissə yığıma 3-5 gün tez başlanılır. Yığım 5-7 gün müddətinə başa çatdırılmalıdır.

Qeydiyyat

Online Sifariş Formu

Arpa toxumu